Loading

Şanlı Zəfərimizlə başa çatan Vətən Müharibəsindən sonra baş verən hadisələr göstərdi ki, Ermənistan Azərbaycana qarşı təxribatlardan əl çəkmək niyyətində deyil. Sentyabrın 12-dən 13-nə keçən gecə baş verənlər bunu bir daha təsdiqlədi. Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədi yaxınlığında Laçın, Kəlbəcər, Daşkəsən rayonları istiqamətində Azərbaycana qarşı hərbi təxribata başladılar. Azərbaycanın qəhrəman əsgər və zabitləri əks-həmlə ilə düşmənə layiq olduğu cavabı verdilər. Sentyabrın 30-da saat 21:00 radələrində isə iki mülki şəxs erməni terrorunun qurbanına çevrildi. Həmin gün Masallı rayon Hacıtəpə kəndində anadan olmuş Amid Əsədov və Füzuli rayon Ağaxanlı kəndində anadan olmuş Çərkəz Quluzadə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində erməni silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış minaya düşərək hadisə yerində həlak oldular.Bu günlərdə Kəlbəcər və Daşkəsəndə minaların aşkarlanması barədə daha bir məlumat yayıldı. Müdafiə Nazirliyindən açıqlandı ki, aşkarlanan erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-G tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-G tipli piyada əleyhinə minadır və onlar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib.Azərbaycanın tarixi torpaqlarını işğal altında saxladığı otuz ilə yaxın müddətdə qəsbkar ermənilər həmin ərazilərdə külli miqdarda mina basdırıblar. Terrorçuların Qarabağda və Şərqi Zəngəzurda basdırdıqları həmin piyada və tank əleyhinə olan partlayıcı qurğular bu günədək neçə-neçə azərbaycanlının faciəsinə çevrilib. 30 il ərzində minlərlə soydaşımız mina partlayışı nəticəsində əlil olub, ya da həyatını itirib.2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra da Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad olunan ərazilərinə döşənmiş minaların partlaması nəticəsində xeyli sayda vətəndaşımız ciddi xəsarət alıb və ya həlak olub. Onların arasında KİV nümayəndələri də var. Ermənistanın mina terroru davam edir…

İndi Azərbaycan dövlətinin qarşısında duran əsas problemlərdən biri işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsidir. Xatırladaq ki, Brüsseldə baş tutan bütün üçtərəfli görüşlərdə də mina probleminin həlli ilə bağlı müzakirələr aparılıb.Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra ötən ilin sonunda işğaldan azad edilmiş müəyyən ərazilərin minalanmış sahələrinin xəritəsi Ermənistan tərəfindən ölkəmizə təqdim olundu. Ancaq bu xəritələr işğaldan azad edilmiş əraziləri tam əhatə etmir.Ermənistan ötən il iyunun 12-də Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycan tərəfinə verməyə məcbur edildi. Həmin ilin iyul ayının əvvəlində isə işğal zamanı Füzuli və Zəngilanda basdırılmış təqribən 92 min minanın xəritəsi alındı. Bu xəritələrin də dəqiqliyi yüzdə 25 faizdir.
Ermənistan yenə də mina terrorunu davam etdirir. Belə ki, işğaldan azad olunmuş ərazilərdə partlayıcı qurğular yerləşdirməyə cəhd edir, hərbçilərimizi, eləcə də mülki əhalimizi mina təhlükəsi ilə üz-üzə qoyur. Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla beynəlxalq hüquq və öhdəlikləri heçə saydığını nümayiş etdirir. “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın ikinci protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Bu konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.İşğaldan azad edilmiş yerləri tez bir zamanda mina təhlükəsindən xilas etmək üçün məqsədyönlü işlər həyata keçirilir. Ancaq geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və vəsait  tələb edir. Minaların mövcudluğu insanların həyatı üçün təhlükəyə çevrilib. İşğaldan azad edilən ərazilərimizdə aparılan quruculuq-bərpa işlərinin də əhəmiyyətli dərəcədə ləngiməsinə səbəb olur. Nəticədə məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına da maneələr yaradır.Həmçinin İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən yenə də bizim ərazilərdə ən azı 1400 mina basdırılıb və bu, Azərbaycana qarşı hərbi cinayət əməllərinin, terror siyasətinin davamı deməkdir. Ermənistanın bu addımları əlbəttə ki, sülh prosesinə böyük zərər vurur. Lakin Azərbaycan bütün bunlara rəğmən yenə də qarşı tərəfə sülh təklifini göndərir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın işğal altında olmuş 10 min kvadratkilometrdən çox ərazilərinin Ermənistan tərəfindən dağıdılmasına, 30 illik işğal dövründə insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik. Azərbaycan sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması. Təbii ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin müqəddəratının müzakirəsi heç bir müqavilənin mətnində yer ala bilməz. Çünki Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlarla iş Azərbaycanın daxili məsələsidir. Artıq Ermənistan da adekvat siyasət yürütməyə başlamalıdır və Azərbaycanın sülh təklifindən maksimum yararlanmaq üçün səy göstərməlidir.

Elşən Ağalarov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir