Xalqımızın birliyi, hərb meydanındakı qalibiyyətimiz real qələbəmiz olsa da, yaşadığımız zaman, siyasi mühit göstərdi ki, böyük Zəfərin davamı, məntiqi nəticəsi hərbi güclə yanaşı uğurlu siyasət, ağıllı diplomatiya sayəsində mümkündür. Qürurvericidir ki, beynəlxalq aləmdə nüfuz dairəsini yüksəltmiş Azərbaycan, hazırda bu sahədə də öz sözünü deyən ölkədir. Bu yüksəlişin isə bir ünvanı, bir siması var, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diplomatik bacarığı, onun güclü liderliyidir. Möhtərəm ölkə başçısının uzaqgörən siyasəti, ağıllı diplomatiyası siyasi müstəvidə Azərbaycanın gücünü göstərməklə yanaşı, xalqın iradəsini də təmsil edir. Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqa şəhərində baş tutmuş “Avropa siyasi birliyi” Zirvə Toplantısında Müzəffər Prezidentimizlə bir daha qürur duyduq və Azərbaycan diplomatiyasının uğurlu inkişafının bir daha şahidi olduq. Qeyd edək ki, 44 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi Zirvə toplantısında ölkə liderləri ilk dəfə olaraq, birlik ruhunda, bərabərhüquqlu şəkildə müzakirələrdə iştirak edirdilər. Məlumdur ki, “Avropa siyasi birliyi” Avropa qitəsi ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır və bu dövlətlərin ümumi marağını əhatə edir. Birliyin məramı isə mühüm məsələlərin həlli istiqamətində siyasi dialoq və əməkdaşlığı inkişaf etdirmək, əsas rolu isə Qitə ölkələrinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdən ibarətdir. Avropa ölkələrinin məqsədi və marağı aydındır, əlbəttə ki, enerji təminatı və enerji təhlükəsizliyidir. Artıq dünya ölkələrinə sirr deyil ki, onların maraqlarının və regionda sabitliyin təminatçısı məhz Azərbaycandır. Zirvə toplantısının Azərbaycan üçün də öz mahiyyəti, ölçüsü vardır. Belə ki, Azərbaycan öz dövlət maraqlarını bəyan etməklə, dünyanın mövcud siyasi reallığından ölkə üçün yararlanmağa çalışır. Dövlətimiz üçün görünən reallıq isə, dayanıqlı sülhə nail olmaqla xalqın və millətin rifah halını yüksəltmək, ölkənin bu günü və gələcək inkişafını təmin edən mərhələni uğurla davam etdirməkdir. Əlbəttə ki, bu böyük missiyadır və mövcud siyasi vəziyyətdə yalnız uğurlu gedişlər, son dərəcə böyük iradə tələb edir. Ölkənin və xalqın taleyini həll edən bu çətin missiya, bütün gücü, ağırlığı yüksək diplomatik çəkiyə malik Möhtərəm İlham Əliyevin çiyinlərindədir. Göründüyü kimi Praqada keçirilən görüş ölkəmiz üçün uğurlu irəliləyişlərlə nəticələnmişdir. Belə ki, Azərbaycanın 2 il əvvəl hərb meydanında qazandığı qələbənin artıq masada yansıdığını görür, hiss edirik. Xüsusən də, Ölkə başçısının simasında, Azərbaycana qarşı yürüdülən siyasi basqı və təzyiqlərə baxmayaraq, onun böyük liderliyinin, dik duruşu ilə sonacan arxasında olduğu qərarlar sərgilədiyinin, dövlətçilik mövqeyimizin layiqli qoruyucusu olduğunun bir daha şahidi oluruq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş Nazirinin iştirak etdiyi dördtərəfli görüşdə, gedən dialoq və aparılan müzakirələrdə bunu aydın görmək olar. Dünya liderlərinin Praqa toplantısının Azərbaycan üçün xüsusiliyi həm də, sülh müqaviləsinin imzalanması istiqamətində bəyanatın qəbul olunmasıdır. Beynəlxalq hüquq prinsiplərinə əsaslandırılmış bu bəyanat, qısa müddət ərzində sülh müqaviləsinin imzalacağına, sərhədlərin demorkasiya və delimitasiyasına və ən nəhayət, imzalanmış beynəlxalq sazişlərin icrasına geniş imkanlar yaradacaqdır. Göründüyü kimi, artıq yeni dünya nizamı qurulur və onun əsas rolu Azərbaycanın iştirakı ilə baş tutur. Belə ki, dünya, enerji resurslarına malik Azərbaycanı itirmək istəmir və onun qarşıya qoyduğu prinsipial mövqeyini qəbul edir. Azərbaycan isə ölkə maraqlarına xidmət edən mövqeyindən yola çıxaraq, yeni dialoqlar alanı açır, perspektivli əməkdaşlıqlar qurur, böyük sazişlərə imza atır. Praqa görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir və onu deməyə əsas verir ki, bu görüş, Sülhə gedən real yolun uğurlu nəticəsidir.
Nəzakət Quluqızı
Neftçala rayon sakini, yazıçı-publisist