Loading

İran hakimiyyəti həm Azərbaycan Respublikasına və həm də İranın yarısından çoxunu təşkil edən Azərbaycan əhalisinə münasibətdə açıq şəkildə anti-Azərbaycan mövqeyi nümayiş etdirir. Azərbaycanın dövlət müstəqilliyi qazanması, müstəqil dövlətimizin sürətlə inkişaf etməsi, xüsusən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə Qarabağda tarixi Zəfərin qazanılması İranı çox narahat edir və xoflandırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonşuluq və dostluq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün atdığı bütün addımlara baxmayaraq, İran rejimi açıq və ya örtülü vasitələrlə dayanmadan ölkəmizə qarşı düşmənçilik siyasətini davam etdirir. Müsəlman ölkəsi olan İranın I və II Qarabağ müharibəsində xristian Ermənistanını müdafiə etməsi, Azərbaycana düşmən olan Ermənistanı silahlandırması, müharibədən sonrakı dövrdə bütövlükdə dünya birliyinin qəbul etdiyi Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması, Qafan rayonunda özünün konsulluğunu təsis etməsi bu radikal rejimin ölkəmizə və xalqımıza bəslədiyi mənfi münasibəti aşkar şəkildə nümayiş etdirir. Ermənistan Respublikası və Paşinyan rejimi ilə geniş əlaqələr qurmaqla İran sanki Azərbaycana qarşı meydan oxumaqda olduğunu nəzərə çarpdırır. Bütün bunlar dövlətlərarası əlaqələrə və qonşuluq münasibətlərinə, həm də İslam həmrəyliyinə zidd olan addımlardır. Və haqlı olaraq bu hadisələr həm Azərbaycan xalqının və həm də dünya azərbaycanlılarının böyük narazılığına səbəb olur. İran İslam Respublikası Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi siyasi-diplomatik təzyiqlərə görə məsuliyyətdən qaça bilməz.

Azərbaycan səfirliyinin binasına silahlı hücum və səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun faciəli şəkildə qətlə yetirilməsi də İran İslam Respublikasının  anti-Azərbaycan siyasətinin nəticəsidir. İran rejiminin bu qanlı terror hadisəsinə qəsdən məişət donu geyindirməsi, yaxud qatil Yasin Hüseynzadənin dəlixanaya salınması, cinayəti ört-basdır edilməsi İran rejiminin bu hadisədə əli olduğunu bir daha təsdiq edir.

Bütün Azərbaycan vətəndaşları, o cümlədən elmi ictimaiyyətimiz törədilən cinayəti terror hadisəsi hesab edir, bu hücumu şiddətlə qınayır. Həmin qanlı hadisəyə görə İran İslam Respublikasının rəsmi hakimiyyəti məsuliyyət daşıyır. Hadisənin sifarişçiləri və icraçıları ən ağır cəzaya məhkum edilməlidirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iranlı həmkarı qarşısında qoyduğu tələblər – qanlı terror aktının hərtərəfli araşdırılması, istintaqın obyektiv şəkildə aparılması, cinayətkarların layiqli cəzalarını alması tam yerinə yetirilməlidir.

Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir.Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

İki ölkə arasında münasibətlərlə bağlı proqnozlaşdırmanın çox mürəkkəb olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin, birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”.

İlkin Məmmədov,

YAP Neftçala rayon təşkilatının üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir