Prezident İlham Əliyev cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda özünün dərin məzmunlu çıxışında qeyd etmişdir ki, Biz İranla hər zaman əlaqələri inkişaf etdirməyə çalışmışıq və demək olar ki, 20 il ərzində Prezident olaraq mən dəfələrlə İranda rəsmi səfərdə olmuşam. İranın əvvəlki prezidentləri dəfələrlə Azərbaycana səfər edib. Bizim çox fəal ticarət əlaqələrimiz olub. Biz nəqliyyatla bağlı məsələlərdə, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fəal işləmişik və düşünürdük ki, bu əlaqələrin böyük potensialı var. Çünki qonşularla yaxşı əlaqələrin olması hər zaman yaxşıdır, xüsusilə tarixdə xatırlanası çox məqam olanda. Lakin, əlbəttə ki, işğal vaxtı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə gəldikdə, İrandan bizim daha çox gözləntilərimiz var idi və onlar Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyiblər, BMT-də və İslam Əməkdaşlığı Təşkilatı daxilində ölkəmizin ərazi bütövlüyünün lehinə səs veriblər. Bunu tam şəkildə açıq deməliyik. Bununla belə, təbii ki, Azərbaycanda yaşayan insanlar kimi, biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar. Azərbaycanda bir çox insanlar gözləyirdilər ki, işğal vaxtında Türkiyənin, Səudiyyə Ərəbistanının, Pakistanın göstərdiyi kimi eyni münasibət olsun. Əslində, həmin ölkələr işğal səbəbindən Ermənistanla heç diplomatik münasibətlər qurmayıblar. Beləliklə, mən, sadəcə, Azərbaycanda xalqın düşündüyünü qeyd edirəm. İnsanlar hesab edirdilər ki, İranın da həmin üç ölkə sırasında olması, həmrəyliyi nümayiş etdirməsi daha təbii olardı. Xüsusən də qeyd edək ki, Ermənistan İran ərazisindən daşımalar, eləcə də hərbi sursat və avadanlığın daşınması üçün fəal şəkildə istifadə edirdi. Bununla belə, münasibətlərimiz çox güclü idi. Biz Xəzər dənizi razılaşması üzərində digər Xəzəryanı dövlətlərlə razılığa gəldik. Bu isə asan deyildi. Ölkələr arasında razılığa gəlmək üçün təxminən 30 il vaxt tələb olundu. Bir çox razılaşma olmayan məqamlar var idi. Mən təfərrüatlara varmaq istəmirəm. Yekun nəticədə biz Aktauda, Qazaxıstanda sazişi imzaladıq. Bu isə, həmçinin mühüm işarə oldu. Biz Xəzərdə sərhədlərin və resursların bölünməsi üzərində artıq razılığa gəldik. Lakin, əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən sonra bu gərginliyə gətirib çıxaran bir sıra addımlar atıldı və əlbəttə ki, əgər siz həmin addımların xronologiyasına nəzər yetirsəniz, görəcəksiniz ki, bunları Azərbaycan başlamamışdır. Niyə də biz bunları başlamalıyıq? Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır. Bizim heç bir ölkə, xüsusən də qonşu ölkə ilə hər hansı problemin olmasına ehtiyacımız yoxdur. Lakin hər şey Laçın ilə Xankəndi arasında kameraları quraşdırdıqdan sonra baş verdi. Biz İran yük maşınlarının, dövri olaraq, Qarabağa hərəkət etdiyini ifşa etdik. Bu, tamamilə qanunsuz idi, çünki İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu cür işlərlə məşğul olmalı deyildi. Biz vəziyyəti monitorinq etməyə başladıq və düşündük ki, bəlkə bu, anlaşılmazlıq nəticəsində olub, yaxud İrandan Ermənistana gələn sürücülər yolu səhv salaraq təsadüfən Qarabağa daxil olublar. Bəlkə işlər bu cür baş verib. Sonra biz gördük ki, bu, artıq tendensiya halını alır. Beləliklə, mənim göstərişimlə köməkçim İran səfirini özəl görüşə dəvət edərək xahiş etdi ki, bunun dayandırılması xahişimizi öz rəsmilərinə çatdırsın, çünki belə hallar münasibətlərimiz üçün və istənilən baxımdan yaxşı deyil. Gözləyirdik ki, bu, dayanacaq. Əfsuslar olsun, dayanmadı. Bir sözlə, İrandan Azərbaycana qeyri-qanuni daşımalar davam etdi. Onda biz rəsmi addım atmağa məcbur olduq. Biz diplomatik nota verdik. O, çap edildi. İran səfiri Xarici İşlər Nazirliyimizə dəvət olundu və məsələ ictimai qaydada açıqlandı. Onunla əlaqədar narazılığımızı bildirdik. Bu, adi diplomatik prosedurdur. Xüsusi bir şey yoxdur. Düşündük ki, bu cür mesaja cavab olar. Lakin, əfsuslar olsun ki, daşımalar dayanmadı və hətta daha intensiv forma aldı. Onların gördüyü işlər və hər bir şey sənədləşdirildi, çünki bizim orada kameralarımız quraşdırılıb. Onlar saxta erməni nəqliyyat nişanlarını taxırdılar, lakin yük maşınlarının üzərində hər bir yazı ərəb əlifbası ilə qalırdı. Bir sözlə, biz buna son qoymalı idik. Həmin yük maşınından ikisi saxlanıldı, sürücülər həbs olundu. Göndəriş sənədlərində isə gördük ki, nəqliyyat vasitəsi İran şəhərlərinin birindən yollanır və çatacaq yeri Stepanakert, Ermənistan göstərilib. Bunu təsəvvür edə bilərsinizmi? Bütün bunlar sənədlərdə yazılıb. Onlar bizdədir. Bu, sadə söz deyil. Yazılıb: Stepanakert. Birincisi, bu, Stepanakert deyil, Xankəndidir. İkincisi isə bu, Ermənistan deyil. Bütün bunlar İranın bəzi dairələrində çox əks-səda yaratdı. İttihamlar, hədələr və başqa məqamlar oldu. Lakin hesab edirik, biz düz etdik. Müəyyən müddətdən sonra həmin sürücülər, təbii ki, buraxıldı və bəli, düzünü desək, bu hərəkətlər dayandırıldı. Biz ərazi bütövlüyümüzü qorumaq məqsədilə bu cür tədbirə əl atmalı idik. Sonra bizə qarşı mətbuatda çoxsaylı hücumlar oldu, siyasətçilər və parlament üzvləri bəyanatlarla çıxış etdilər. Lakin biz buna o qədər də əhəmiyyət vermədik, çünki nə isə baş verəndə, narazı qalan şəxs öz narazılığını bəzən bildirmək istəyir. Bu, o dərəcədə də əhəmiyyətli deyil deyə dövlət başçısı bildirmişdir.
Yalçın Abıyev,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədri