Azərbaycanın Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunması ölkəmiz üçün əlamətdar hadisədir. Azərbaycanın Sammitdə iştirakı təşkilata üzv ölkələr arasında birliyi nümayiş etdirməklə yanaşı, həm də dostluq və qardaşlıq əlamətidir. 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvü olan Azərbaycanın bu təşkilatla münasibətləri xüsusi xarakter daşıyır. Ölkəmiz Ərəb Dövlətləri Liqası ilə mövcud əməkdaşlığı genişləndirmək niyyətindədir.Ərəb Dövlətləri Liqasının Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən 31-ci Zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması özü bu təşkilatla ölkəmiz arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğundan xəbər verir. Dövlətimizin başçısı bu tədbirdə çıxışı zamanı yenə də Azərbaycan həqiqətlərini dünyaya çatdırdı.Zirvə toplantısında Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini bildirən Prezident İlham Əliyev ölkəmizin bu istiqamətdə fəaliyyətindən danışdı.Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və ölkəmiz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilib. Bu isə Azərbaycanın mövqeyinə, eləcə də həyata keçirdiyi siyasətə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılıb. Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri olduğunu qeyd edən Azərbaycan Prezidenti bu əməkdaşlığın yaxın gələcəkdə genişlənəcəyinə, yeni xarakter və dinamika alacağına ümid etdiyini bildirdi.Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında vurğulandı ki, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, 2020-ci ildə öz ərazilərini güc yolu ilə işğaldan azad edib. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bir neçə gün ərzində icra olunduğunu qeyd edən Azərbaycan Prezidenti ölkəmizin ərazi bütövlüyü ilə bağlı 4 qətnamənin otuz il ərzində kağız üzərində qaldığını bildirdi. Dövlətimizin başçısı qətiyyətlə vurğuladı ki, münaqişələrə yanaşmalarda ikili standart olmamalı, işğal “işğal” adlandırılmalıdır.
İşğal zamanı 67 məsciddən 65-nin Ermənistan tərəfindən tamamilə dağıdılmasının bu terrorçu ölkənin islamofob mahiyyətinin təzahürü olduğunu qeyd edən Prezident İlham Əliyev erməni terrorunun sülh dövründə də davam etdiyini, minalar səbəbindən 260-dan çox azərbaycanlının həlak olduğunu və ya ciddi yaralandığını diqqətə çatdırdı. Bildirildi ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanın artıq “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb və həmin torpaqları öz resursları hesabına bərpa edir.
Ərəstun Əskərov
YAP Neftçala rayon təşkilatı
Aşağı Surra kənd ərazi partiya təşkilatının sədr müavini