Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 31 oktyabr 2022-ci il tarixində imzaladıqları Bəyanat birmənalı Azərbaycanın maraqlarını əks etdirir. Soçiyə səfər çərçivəsində Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüşü keçirilmişdir. Əminliklə demək olar ki, Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. Görüşdə qeyd olunmuşdur ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Ölkəmiz tərəfindən Ermənistanla münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Qeyd edək ki, Ermənistan da öz növbəsində bu 5 prinsipi qəbul edib. Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan, burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır. İmzalanmış Soçi Bəyanatında bundan əvvəl qəbul edilmiş sənədlərdə əks olunan önəmli prinsiplərə sadiqlik nümayiş olunub. Bəyanatda Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Təhlükəsizliyin qorunması məsələsində Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığı qeyd olunmuşdur. Humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə edildi. Vurğulandı ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır. Ən əsası isə, bu bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəal aparılmalı olduğu öz əksini tapdı və Rusiya Federasiyasının buna hər vasitə ilə kömək göstərəcəyi bildirildi. Bütün bunlar onu göstərir ki, oktyabrın 31-də keçirilmiş Soçi görüşü və imzalanmış üçtərəfli bəyanat ölkəmizin növbəti uğuru olmaqla yanaşı, bizi sülh müqaviləsinə bir addım da yaxınlaşdırdı.
Əfsanə Abdullazadə
Neftçala rayon gənci, ictimai fəal