1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikası Prezidenti seçilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yeritdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Oktyabrın 10-da andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev xalqa müraciət etdi: “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.Ümummilli Lider hakimiyyətə gələndən dərhal sonra ağır vəziyyətdə olan respublikanın qarşısında duran problemləri həll etməyə başladı. Dövlət başçısı kimi and içən Ulu Öndər Heydər Əliyev ilk növbədə ölkədə daxili ictimai-siyasi sabitliyin bərqərar olunmasına başladı. Xaos və anarxiya yaradan, istənilən anda istənilən yerdə özbaşınalıq edən silahlı birləşmələr ləğv edildi. Ordu vahid rəhbərlik altında birləşdirildi. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Ümumi səfərbərliklər, eləcə də ordunun vahid komanda altında birləşdirilməsi nəticəsində düşmənə layiqli cavab verildi, ərazilərimizin işğalının qarşısı alındı. Nəticədə düşmən atəşkəs haqqında müqaviləni imzalamağa məcbur oldu. Daha sonra isə çoxsaylı islahatlara start verildi. Aparılan hüquqi islahatlar nəticəsində ölkəyə xaricdən gətirilən sərmayələrin qorunmasına dövlət zəmanəti verildi. Bu isə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının əcnəbi şirkətlərlə müştərək işlənməsinə zəmin yaratdı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycana külli miqdarda xarici investisiyalar gətirilməsi ilə nəticələndi. Bundan sonra isə ölkədə yeni parlament seçilməsinə və yeni Konstitusiyanın hazırlanmasına başlamaq olardı. Heydər Əliyev bu iki mühüm layihəni də uğurla başa çatdıraraq, sözün həqiqi mənasında, Azərbaycanın sivilizasiyalı dövlətlər sırasına çıxarılması üçün gərəkli olan bütün addımları atmış oldu.Ulu Öndər Heydər Əliyev nəinki ölkəni uçurumdan xilas etdi, hətta onu sürətli inkişaf relsləri üzərinə çıxartdı. Dahi siyasətçi Azərbaycanın təbii ehtiyatlarından və əlverişli coğrafi mövqeyinin üstünlüklərindən ölkənin milli mənafeyinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib həyata keçirilməsi sahəsində çox gərgin fəaliyyət göstərdi, Azərbaycan neftinin dünya bazarına nəqli sahəsində uğurlu addımlar atdı.Öz həyatını və fəaliyyətini bütünlüklə Azərbaycana və Azərbaycan xalqına həsr edən, “Mən xalqımın, Vətənimin yolunda şəhid olmağa hazıram!”- deyən Ulu Öndər Heydər Əliyevə xalqın ehtiramı sonsuzdur. Bu ehtiramın göstəricisidir ki, Azərbaycan xalqı bu dahi şəxsiyyəti özünün “Ümummilli lideri” adladırır.
Aygün Musayeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü