2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir. Azərbaycan xalqı görülən işlərə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir.
2003-2018-ci illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür.Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunub. Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir.
Qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir.
Anarə Mustafayeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü