Hazırda ölkəmiz özünün ən şərəfli və çətin dövrünü yaşayır. Nəhayət 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Qarabağ və Şərqi Zəngəzur azad olunaraq, ərazi bütövlüyümüz təmin edildi. Dövlətimizin başçısı İlham Əliyevin şəxsi nüfuzu, onun gələcəyə yönəlmiş hədəfləri düzgün qiymətləndirmə bacarığı, diplomatik məharəti, praqmatik qərarları dövlətimizin imkanlarını artırır.
Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanın ən çətin anlarında öz həyatı və ailəsinin həyatı bahasına olsa belə dövləti qoruyub saxlamışdır. Bu dahi siyasi xadim XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş liderdir. Bütün varlığı ilə dövlətini, xalqını sevən, onun inkişafı və gələcəyi üçün heç bir çətinlikdən çəkinməyən Ulu Öndərin əsas məqsədi cəmiyyəti müstəqillik ideyası ətrafında birləşdirmək idi. Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqil dövlət olması üçün real təməllər qoyulurdu. Sovetlər dönəmində Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə yeniləşmə illəri kimi daxil olub. İqtisadi böhran şəraitində olan respublika məhz Ümummilli Liderin müdrikliyi, qətiyyəti, yüksək təşkilatçılıq bacarığı sayəsində qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Cəmi bir neçə il ərzində Azərbaycan ən geridə qalmış respublikadan qabaqcıl ölkəyə çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev gələcəyə böyük inam hissi ilə deyirdi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”. Hər birimiz fəxr edirik ki, bu gün onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha da gücləndirirlər.
Gülər Mirzəyeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü