Bakının Azadlıq meydanı tarixdə çox hadisələrə şahidlik etmişdir. 1988-ci ildə ermənilərin Azərbaycana qarşı başladığı separatçı-terrorçu hərəkata qarşı xalqımızın ilk kütləvi və mütəşəkkil etirazları da bu meydandan ifadə olunmuşdur. 2020-ci ilin 10 dekabrında Azadlıq meydanında keçirilən hərbi parad isə tariximizin şərəf səhifəsinə yazılmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Azadlıq meydanının tarixi önəmini belə ifadə etmişdir: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.”
Azərbaycan 10 dekabr 2020-ci il tarixdə haqq etdiyi Zəfər paradını keçirdi. Bu parad hələ uzun müddət müzakirə olunacaq bir hərbi keçid idi. Paradda Azərbaycan Silahlı Qüvvələrinə məxsus 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Bununla belə, müharibə zamanı qənimət kimi ələ keçirilmiş ermənilərə məxsus hərbi texnikanın bir qisminin nümayiş olunması xalqımızın, Azərbaycanın dostlarının böyük ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, Ermənistanı və onun havadarlarını məyusluğa uğratmışdır.
Zəfər paradı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın başçılığı ilə əldə etdiyi qələbənin təntənəsi idi. Azərbaycan müasir hərb tarixinə ağılasığmaz yeniliklər gətirdi. 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari oldu. Bu məğlubiyyət Ermənistan cəmiyyətini bu gün də silkələməkdədir. Üzərindən iki il keçməsinə baxmayaraq erməni cəmiyyəti hələ də özünə gələ bilməyib. Və yəqin ki, uzun illər bu tendensiya davam edəcəkdir.
Azərbaycan ordusu və Azərbaycan cəmiyyəti isə son iki ildə qürurla qazanılan Zəfərin verdiyi qalibiyyət hissi ilə yaşamışdır. Vətən müharibəsində iştirak etmiş, Zəfərin qazanılmasında canını, sağlamlığını fəda etmiş şəhidlərimiz, qazilərimiz, demək olar ki, bütün döyüçülər müxtəlif orden və medallarla təltif edilmişdir.
Qazanılmış Zəfər Azərbaycan xalqı içərisində milli həmrəyliyi, gənclər arasında milli və hərbi vətənpərvərlik hisslərini daha da gücləndirmişdir. Eyni zamanda, xalqımız 44 günlük Vətən müharibəsi zamanı olduğu kimi, bu gün Azərbaycan Ordusunun, Azərbaycan Prezidentinin ətrafında daha sıx birləşmişdir.
“Uzun illər ərzində ölkəmizin əsas büdcə xərcləri hərbi xərclər olmuşdur. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycan bir ölkədən asılı olmamaq üçün lazımi texnikanı bir çox mənbələrdən almışdı. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub.
“Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradıldı. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi.
10 dekabr hərbi paradının xüsusiyyətlərinddən biri də, onun Azərbaycan-Türkiyə qardaşlığının bir daha təsdiqi günü olmasıdır. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yanaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı bütün dünyaya mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi.
Aytac İskəndərli,
YAP Neftçala rayon təşkilatının mühasibi