Azərbaycan Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.
2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun qəbul edilib. Məhz bu qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin istifadəsi, Azərbaycan Respublikası Dövlət bayrağının rəsmi tədbirlər zamanı istifadəsi, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər və s. məsələlər tənzimlənib. Sərəncama əsasən, Dövlət bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Həmin qanun Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti də nəzərdə tutur. Belə ki, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun 11-ci maddəsində Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur deyə qeyd olunur. Bayrağımıza hörmətlə yanaşmaq və digərlərindən də bunu tələb etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Çünki bizim bayrağımız bizim kimliyimizdir.
İlham Əsədov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü