Loading

Müasir Azərbaycan tarixinə nəzər salsaq aydın şəkildə görəcəyik ki, 30 ilə yaxın bir dövrdə işğal altında qalan rayonlarımızın düşmənin əlinə keçməsi, həmin dövrdə hakimiyyətdə olan siyasi səriştəsi olmayan qüvvələrin bir-biriləri ilə apardıqları intriqalar dövrünə təsadüf edir. Hakim dairələrin yerində olmamasının nəticəsi idi ki, qısa bir zamanda Azərbaycan ərazisinin 20 faizini itirdi. Bunun nəticəsində bir milyondan çox vətəndaşımız öz yurd-yuvasından didərgin salınaraq məcburi köçkün həyatı yaşamağa vadar edildi. Həqiqətən də belə bir məqamda Ümummilli Lider Heydər Əliyevin tarixi kəlamı ilə desək  “Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir” ifadəsi tam yerinə düşmüş sayıla bilər. Qeyd etməliyik ki, Birinci Qarabağ savaşında o dövrdə siyasi hakimiyyətdə olan qüvvələrin istər xəyanəti, istərsə də səriştəsizliyi nəticəsində Kəlbəcərin müdafiəsi uğrunda yüzlərlə igid oğullarımız öz şirin canlarından keçməli oldular. Kəlbəcər uğrunda gedən amansız döyüşlər, tökülən şəhid qanları heç vaxt bizlərin, ümumilikdə Azərbaycan xalqının yaddaşlarından silinməyəcəkdir. Kəlbəcərin düşmən tərəfindən qanunsuz olaraq zəbt edilməsindən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dərhal icrası tələb olunan hüquqi Qətnamə qəbul etdi. Qəbul edilmiş qətnamədə Kəlbəcərlə yanaşı digər ətraf rayonların da qeyd-şərtsiz Azərbaycana təhvil verilməsi tələb olunurdu. Çox təəssüflə qeyd etməliyik ki, Ermənistan nəinki qəbul edilmiş qətnaməyə hörmətlə yanaşdı, hətta işğalçılıq ambisiyasını daha da genişləndirərək əlavə torpaqların işğalına nail oldu. Belə bir xoşagəlməz mənzərəyə də beynəlxalq aləm, bu məsələnin həllində məsul olan hüquqi təsisatlar tamaşaçı qismində yanaşdılar və qətnamənin icrasını düşmən tərəfdən tələb etmədilər. Belə olan halda 30 ilə yaxın aparılan sülh danışıqlarının effektivsizliyini görən Azərbaycan xalqı özü tapdalanmış hüququnu, itirilmiş torpaqlarını güc yolu ilə, hərbi-siyasi yolla geri qaytarmağa qərar verdi. 44 günlük Vətən Müharibəsinin sonunda Azərbaycan özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti tam bərpa etmiş oldu. Düşmən ay yarım ərzində diz çökməyə məcbur edildi. Ermənistan imzalanmış Üç tərəfli Bəyanata əsasən noyabr ayının 25-də Kəlbəcəri Azərbaycana, tarixi və əbədi sahibinə qeyd şərtsiz, bir güllə belə atılmadan geri qaytardı. Bu Azərbaycanın hərbi gücü ilə yanaşı, diplomatik sferada olan gücünün, qüdrətinin əyani göstəricisi idi. Kəlbəcərin azad edilməsi ilə ümumilikdə 147 yaşayış məntəqəsi öz azadlığına qovuşdu. Bu gün çox qürur hissi ilə vurğulamalıyıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmişdir. Bu medala Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdikləri şəxsi igidlik və şücaətlərə görə 9424 nəfər hərbi qulluqçu laiq görülərək təltif olunmuşlar. Hazırda dövlətimiz tərəfindən Ermənistanın törətdiyi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə bir çox işlər görülür. Bu istiqamətdə görülən işlər sırasında işğaldan azad olunmuş ərazilərə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV təmsilçilərinin, müxtəlif beynəlxalq hüquq təsisatlarının üzvlərinin səfərlərinin təşkilini təqdirəlayiq hal kimi qeyd etməliyik. Bu gün istər Qarabağ regionunda, istərsə də Cənubi Qafqazın siyasi həyatında yeni düzən formalaşıb. İşğaldan azad edilmiş ərazilərə doğma nəfəs qayıdıb. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə artıq iki ildir ki, yenidənqurma işlərinə  start verib. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.  Ölkə başçısı cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara mütəmadi səfərlər etməsi və yenidənqurma işləri ilə yerində tanış olması Dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığını sübut edir. Ərazilərin bərpası qısa zamanda həmin rayonlarda yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafın təmin edilməsini şərtləndirəcəkdir. Aparılan yenidənqurma və bərpa işləri yalnız Ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional səviyyədə inkişafı sürətləndirəcəkdir.

 

Vasif Əliyev

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilat sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir