Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük qlobal təşkilatdır. Azərbaycanın Hərəkata sədrliyi dövründə çox ciddi işlər görülmüş və yeni təşəbbüslər irəli sürülmüşdür. Hərəkatın sədri və Azərbaycanın Prezidenti cənab İlham Əliyev dünyanı narahat edən beynəlxalq sülhə və təhlükəsizliyə olan təhdidləri aradan qaldırmaq, sülhün və təhlükəsizliyin təminatçısı funksiyasını yerinə yetirə bilməyən BMT-də və onun Təhlükəsizlik Şurasında ciddi islahaltların tezliklə həyata keçirilməsi ilə bağlı təklif, xüsusilə diqqəti cəlb etdi. BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinə münasibət bildirən cənab İlham Əliyev qeyd etmişdir ki, “ BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir”. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumun beynəlxalq müstəvidə daha da güclənməsinə töhfələr verərək, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atır.
Ziyafət Hüseynov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya sədrinin müavini