Loading

“BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etmişik”. Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.

Ölkə başçısı üzv ölkələri Yüksək Səviyyəli Panelə dəstək olmağa çağırdı: “Pandemiya “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsir edib. Bundan əlavə, hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir. Bu məqsədlə biz BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etmişik. Bu panel post-pandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. Mən Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırıram”.

Azərbaycanın beynəlxalq aləmdə apardığı siyasət 44 günlük müharibədən sonra ölkəmizin geostrateji əhəmiyyətinin qlobal arenada daha da güclənməsi ilə nəticələndi.

Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Prezident İlham Əliyev tərəfindən COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı QH-də panellər keçirildi. Eyni zamanda, bu panellərlə yanaşı, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi dünyada vaksin ədalətsizliyi və “peyvənd millətçiliyi”nə qarşı mübarizənin də ön sıralarında yer aldı. Bundan əlavə, BMT Baş Assambleyasında da yenə dövlətimizin başçısının Qoşulmama Hərəkatının Sədri kimi pandemiyaya qarşı qlobal siyasi mübarizə ilə bağlı təklifləri qəbul edildi və BMT-də geniş müzakirə olundu.

“Azərbaycan Türk Dövlətləri Təşkilatının daha da koordinasiya olunmasına və güclənməsinə mühüm töhfələr verdi. Bundan başqa, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı nəzdində məhz Azərbaycanın uğurlu səyləri nəticəsində çox vacib konfranslar, toplantılar həyata keçirildi və önəmli qərarlar verildi. Bütövlükdə ölkəmizin beynəlxalq arenada apardığı siyasət Azərbaycanın dövlət maraqlarının ən yüksək səviyyədə dünyaya bəyan edilməsindən ibarət oldu. Bu da özəlliklə bizim Vətən müharibəsində qazandığımız Qələbədən sonra erməni lobbisinin və xaricdəki havadarlarının ölkəmizin üzərinə etdiyi hücumlarda dövlətimizin beynəlxalq siyasi arenada uğurlu gedişi nəticəsində mövqeyimizi kifayət qədər gücləndirdi. Bu gün Azərbaycan Avrasiya ilə Avropanın kəsişməsində mühüm bufer zona rolunu oynayır. Eyni zamanda, ölkəmizin geopolitik əhəmiyyəti nəticəsində Rusiya silahlı qüvvələri Baş qərargah rəisinin və NATO rəsmilərinin neytral ərazi kimi görüşləri Azərbaycanın paytaxtında da həyata keçirilir. Bütövlükdə Azərbaycan beynəlxalq səviyyədə kifayət qədər uğurlu mövqelər əldə edib. Ölkəmizin apardığı balanslı və uğurlu xarici siyasət kursu bundan sonra daha da inkişaf etdiriləcək”.

Qoşulmama Hərəkatı hazırda önəmli təşkilatlardan biridir. Hərəkata daxil olan dövlətlər dünyada vacib mövqeləri olan ölkələrdir. Azərbaycanın isə belə bir platformaya tarixi töhfələr bəxş etməsinin bizim üçün əhəmiyyəti böyükdür.

Elməddin Bəşirov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir