44 günlük Vətən Müharibəsində qalibiyyətimizlə bir xalq olaraq böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük. Ermənistan Ordusunun 30 il müddətində formalaşdırdığı “yenilməz ordu” mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Qısa dövrdə Ordumuzun endirdiyi sərrast zərbələr nəticəsində Ermənistanın 3-4 milyard ABŞ dolları məbləğindəki hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçırma və fərarilik halları geniş vüsət aldı. Bu çətin döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük uğurlara imza atdı. O uğurlar ki, əyilən qəddimizi dikəltdi, şəhidlərimizin qanını yudu, məğrurluğumuzu, ucalığımızı özümüzə qaytardı. Vətən müharibəsində qəhraman qardaşlarımızın göstərdikləri şücaət və igidliklərin təfərrüatları hələ zamanla əsərlərdə yazılacaq, filmlər çəkiləcəkdir. Amma indidən əminliklə demək olar ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı var idi Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, sərt qayalardan aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Bu unikal hadisə idi. Deyərdim ki, tarixdə bu döyüşün heç vaxt oxşarı olmayıb və olmayacaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Azərbaycan ordusu 44 günlük müharibə ərzində qardaş Ölkə istehsalı olan “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatlarından, “Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Ölkəmizdə istehsal olunan “Zərbə”, “İtiqovan” dronlarından və digər PUA-lardan geniş istifadə edərək Ermənistanın milyardlarla dollar dəyərində hərbi texnikasını məhv edib. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya dövlətlərinin müharibə taktikalarında əsaslı dəyişikliklərə səbəb olacaqdır. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmamışdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbi oldu!

İsmayılova Könül

Neftçala rayon sakini, müəllim.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir