Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda Azərbaycan tarixinin ən qanlı hadisələrindən biri baş verdi russovet imperiyasmın ağır hərbi texnika ilə silahlanmış ordusu 4 istiqamətdən şəhərə soxulub əliyalın dinc əhalini gülləbarana tutdu. Belə terror aktı törətməklə Azərbaycanı tam şəkildə blokadaya alan SSRİ rəhbərliyi əhalini hər hansı bir məlumat mənbəyindən və hüququndan məhrum etmişdi.Bakını informasiya blokadasına alan SSRİ qoşunları hərbi cinayətlər törətməyə başlamışdılar. Qarşılarına çıxan insanları amansız atəşə tutan azğın hərbçilər yaralıları aparmağa gələn təcili yardım maşınlarına və tibb işçilərinə belə silah qaldırmışdılar. Xalqa qarşı törədilən bu vandalizm aktı ilə SSRİ rəhbərliyi faşizm mahiyyətini bütün dünyaya nümayiş etdirmişdi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, faciədəyaralanmış 13 nəfər isə sonradan vəfat edərək şəhid olmuşdur. 700-dən çox adam yaralanmışdı. Əsgərlər 200 evi,dövlət və özəl mülkiyyəti viran qoymuşdular. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edib: “…1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür.”Heydər Əliyev qatillərin aşkarlanması məsələsini yenidən qaldırıb, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğulayıb.Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, kommunist partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: “Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov. IKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil.” Beləliklə, 1991-ci ilin iyulunda Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.Xalqımızın yaddaşında bu faciə eyni zamanda, mubarizlik simvolu kimi yaşayır.Yanvar hadisələri xalqımıza azadlıq hissi və seçim verdi.Bu azadlıq və seçimin ali nöqtəsi müstəqil Azərbaycanın yardılması oldu.Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var: bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır.Hər il yanvarın 20-də minlərlə insan bu xiyabanı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
Valeh Tağıyev,
YAP Neftçala rayon təşkilatının veteran üzvü