Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutmuşdur.
Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı. Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir. Respublikanın rəhbəri kimi Heydər Əliyev ilk gündən uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltdi. O, mahir siyasətçi kimi Ali qanunvericilik orqanının mövcud imkanlarından bacarıqla istifadə edərək milli oyanışın və gələcək müstəqilliyin möhkəm təməlini qoydu.O dövrdə Heydər Əliyev respublikada partiya lideri olmaqla yanaşı həm də SSRİ Ali Sovetinin (VIII-XI çağırışlar) deputatı, yuxarı palatanın – İttifaq Sovetinin sədr müavini (IX çağırış), habelə Azərbaycan SSR Ali Sovetinin (VII-X, XII çağırışlar) deputatı və Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərirdi. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün mühüm əhəmiyyətli beş qərar qəbul etdi. İttifaq Fondundan bu məqsədlə respublikaya külli miqdarda vəsait ayrıldı.1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanın Mülki, Mülki-Prosessual, Cinayət-Prosessual məcəllələrinə əlavələr və dəyişikliklər edildi. Azərbaycan SSR-in məhkəmə quruluşu, Səhiyyə, Dövlət notariatı, Xalq Təhsili, Tarixi və mədəniyyət abidələrinin qorunması, Nazirlər Soveti, Xalq Deputatları Sovetləri haqqında, Torpaq və Əmək haqqında qanunlar, İnzibati hüquq pozuntuları haqqında, Ailə və Nikah haqqında məcəllələr qəbul edildi.Heydər Əliyev parlamentin cəmiyyətin və dövlətin həyatındakı rolunu yaxşı başa düşür, Azərbaycan SSR Ali Sovetinin deputatı və respublikanın rəhbəri kimi Ali qanunvericilik orqanı ilə sıx əlaqədə fəaliyyət göstərdi. O, parlamentdə bu dövrə təsadüf etmiş IX, X və XI beşilliklərinin proqramlarının təsdiq olunmasında və hər il respublika büdcəsinin qəbulunda yaxından iştirak edir, parlamentarizm ənənələrinin bərpası və inkişafı üçün əlindən gələni əsirgəmir, Ali qanunvericilik orqanının fəaliyyəti ilə bağlı tövsiyələrini verirdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin tribunalarından məharətlə istifadə edir, deputat qrupunun Moskvadakı fəaliyyətini respublikanın mənafeyi baxımından məharətlə istiqamətləndirirdi.
Yalçın Səfərov,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədri