Azərbaycan ilə dost və tərəfdaş Rumıniya arasında münasibətlərin əsası hələ orta əsrlərdə qoyulub.Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəldi.
Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanıyıb. Belə ki, rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulmuşdur.
Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır.
Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir.
2022-ci ilin oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşüb. Görüşdə dövlətimizin başçısı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini xüsusi vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.
Azərbaycanın dövlət başçısının dost Rumıniyaya növbəti səfəri 2022-ci ilin dekabrın 17-də baş tutub. Səfər çərçivəsində Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü olub. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib. Aparılan müzakirələrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu məmnunluqla diqqətə çatdırlıb. Həmçinin SOCAR-ın Rumıniyada uzun illər uğurla fəaliyyət göstərdiyi vurğulanıb, bu fəaliyyətin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Söhbət zamanı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti KlausYohannisin Azərbaycana səfəri baş tutmuşdur. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti KlausYohannis mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün energetika bütün dünya ölkələrinin gündəliyində duran ən vacib məsələdir. O cümlədən, energetika sahəsi Rumıniya-Azərbaycan əlaqələrində də əsas yeri tutur. Bunu təsdiq edən məqamlardan biri kimi, SOCAR-ın Rumıniyada uzun illərdən bəri davam edən səmərəli fəaliyyətini göstərmək olar. Bu gün artıq ölkələrimiz arasında əməkdaşlıq yeni mərhələyə çıxır. Dövlətimizin başçısı ötən ay Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və buna paralel olaraq, Rumıniyanın imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. İki il bundan əvvəl isə Cənub Qaz Dəhlizinin son seqmenti uğurla başa çatdırıldı və Azərbaycanın Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı kimi əhəmiyyəti bir qədər də artdı. Qeyd etmək lazımdır ki, ötən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bir daha ölkəmizə olan etimadı təsdiqləyir. Azərbaycan öz növbəsində Memorandumun uğurlu icrasını təmin etmək üçün Avropaya qaz ixracatını sürətlə artırır. Eyni zamanda, Azərbaycan və Rumıniya arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq istiqamətində önəmli addımlar atılır. Prezident İlham Əliyevin Buxarestə səfəri zamanı bu sahə ilə bağlı səmərəli müzakirələr aparılıb. Bu strateji layihə böyük sərmayə tələb edir və bir neçə ölkəni, iki dənizi birləşdirir. Bundan başqa, Azərbaycan və Rumıniya arasında nəqliyyat sahəsi də böyük önəm kəsb edə bilər. Dövlətimizin başçısının dediyi kimi, Bakı və Konstansa limanları arasında əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var və bu imkanların reallaşdırılması bütün Avrasiya məkanı üçün son dərəcə maraqlı layihələrin icrasına yol aça bilər”.
Rumıniya Prezidentinin ölkəmizə budəfəki səfəri zamanı müzakirə olunan məsələlərin gündəliyindən də göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Artıq bu əməkdaşlıq təkcə neft-qaz sahəsini yox, həm də kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları əhatə edəcək. Azərbaycan–Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan-Avropa münasibətlərinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcək”.
Elməddin Bəşirov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü