Loading

Son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunur. Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bunu bir daha sübut edir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verməkdir. Səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində yer alan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidentinin bolqarıstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə, həmçinin bu ölkənin bir sıra yüksək dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Bu il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd olunur və bu münasibətlə iki ölkə arasında ali səviyyədə təbrik məktublarının mübadiləsi həyata keçirilib.
Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışlar edərək “Biz SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması məsələsini də müzakirə etdik. Hesab edirəm ki, bu da bizim səmərəli əməkdaşlığımızın əlaməti ola bilər”, deyə R.Radev bildirib və Azərbaycan Prezidenti İlham Əliyev də “Eyni zamanda, bu gün artıq Prezident də qeyd etdi, SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsi müzakirə olundu. Biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Biz enerji ilə bağlı olan digər məsələləri müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu. Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik” deyə bildirmişdir.

Asif Bayramov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir