Müstəqillik ənənələrinin möhkəmləndirilməsi istiqamətində əsas işlərdən biri hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasıdır. Vətəndaşların hüquq və azadlıqlarının təmin olunması məhz, hər zaman Ulu Öndər Heydər Əliyev siyasətinin əsasını təşkil edib. Onun Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə atdığı ciddi və səmərəli addımlar sayəsində Azərbaycan vətəndaşları hüquqlarının ən yüksək səviyyədə qorunduğu demokratik cəmiyyətdə yaşayır. Hüquqi dövlət və nümunəvi vətəndaş cəmiyyətinin qurulması vacib islahatlardan asılı idi. Məhz islahatlar vətəndaş cəmiyyətinin qurulmasını təmin edə bilərdi. Heydər Əliyev uzaqgörən siyasəti nəticəsində 1993-1995-ci illərdə ölkəni müharibə vəziyyətindən çıxararaq, qiyamları, separatçılığı aradan qaldırdı, bütöv, müstəqil Azərbaycan dövləti qurulması yollarında dayanan maneələri yox etdi. Ümummilli Liderin qeyd etdiyi kimi: “1995-ci ilin ortalarında Azərbaycan bütün qeyri-qanuni silahlı qüvvələrdən xilas olmuş, tamamilə möhkəmlənmiş, keyfiyyətcə yeni bir mərhələyə daxil olmuş, dövlət quruculuğunda böyük işlərə başlamaq üçün möhkəm ictimai-siyasi sabitlik və qanunçuluq şəraitinə gətirilmiş dövlətə çevrilmişdi”. Vətəndaş cəmiyyəti vətəndaşların hüquqlarının qorunduğu cəmiyyətdir. Odur ki, Ulu Öndər tərəfindən bu yolda atılan əsas addım 1995-ci ilin iyununda Konstitusiya Komissiyasının yaradılması oldu. Heydər Əliyevin sədrliyi ilə yaradılmış bu komissiyanın tərkibində hüquqşünaslar, məhkəmə orqanlarının əməkdaşları, qanunverici və icra nümayəndələri var idi. Xalqımızın çoxəsrlik milli mənəvi dəyərlərini nəzərə alaraq, qabaqcıl ölkələrin təcrübəsindən yararlanaraq, Heydər Əliyevin məsləhətləri əsasında Azərbaycan Respublikasının Konstitusiyasının layihəsi hazırlandı. Dəyişiklik edilməklə iki dəfə mətbuatda dərc olunan ali qanun toplusu ilə xalq hərtərəfli şəkildə tanış oldu. 1995-ci il 12 noyabr referendumu ilə Azərbaycan Respublikasının Konstitusiyası xalq tərəfindən qəbul edildi. Beləliklə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əsas addım atıldı. Ulu Öndərin vətəndaşların firavan həyatı üçün görəcəyi işlər hələ çox idi. Bunları həyata keçirmək üçün 1996-cı ildə Prezident yanında Hüquqi İslahatlar Komissiyası yaradıldı. Birbaşa Ulu Öndərin nəzarətində olan bu komissiya vətəndaş cəmiyyətinin qurulması yolunda bir çox layihələr hazırladı. Bu layihələr əsasında Milli Məclis yüzlərlə qanun qəbul etdi. Bu qanunlar ölkədə iqtisadi və siyasi, eyni zamanda mədəni məsələlərin yoluna qoyulmasında böyük rol oynadı. 1998-ci ildə vətəndaşların söz, fikir, mətbuat azadlığının təmin olunması və senzuranın ləğvi vətəndaş cəmiyyətinin qurulması istiqamətində atılmış çox böyük əsaslı addım idi. Bunlarla yanaşı 1998-ci ildə Azərbaycanda ölüm cəzasının ləğvi dövlətin vətəndaşına göstərə biləcəyi ən böyük humanist addımlardan biri idi. Bu məsələdə Azərbaycan yenə də ilklərə imza atmışdı. Şərqdə ilk dəfə olaraq məhz Azərbaycan Respublikası ölüm cəzasını ləğv etmişdi. Bu Heydər Əliyev siyasətinin böyük imzası idi. Heydər Əliyevin miras qoyduğu bu siyasət, vətəndaş cəmiyyəti günümüzdə daha möhkəm əsaslarla həyata keçirilir. Çünki bu siyasətin davamçısı hər addımda xalqının milli-mənəvi dəyərlərini əsas tutan möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. Vətəndaş, onun bütün hüquqi normalara sahib olması, dövlətin hüquqi dayanıqlığı İlham Əliyev siyasətinin əsasıdır. Azərbaycan dövlət olaraq bu siyasətlə, bu hüquqi normalarla, ədalətli vətəndaş cəmiyyəti ilə sarsılmazdır. Bu sarsılmazlıq, bu qətiyyət, bu dayanıqlıq Dəmir Yumruq kimi möhkəmləndirilib. Dəmir Yumruğun isə hər addımda da öz təsdiqini tapmasına artıq bir ildir ki, bəşəriyyət şahiddir!

Şəhrəbanu Ağalarova
Neftçala rayon sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.