Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə andiçmə mərasimində nitqindən (18 oktyabr 1998-ci il)
Bu gün müasir dünyamızda qloballaşma prosesləri gedir. Qloballaşma iqtisadi cəhətdən dövlətlərin bir-birinə daha sıx yaxınlaşması, informasiya mübadiləsinin sürətlənməsi, qlobal miqyaslı problemlərin dünya miqyasında həllində dövlətlərin əməkdaşlığı olsa da, milli mədəniyyətlərin aradan çıxmasını və milli-mənəvi dəyərlərin arxa plana keçməsini də şərtləndirmişdir. Bu gün Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlardakı fəaliyyətimiz, həmçinin bir çox dövlətlərlə ikitərəfli münasibətlərimiz Azərbaycanı dünyaya qovuşdurur, inteqrasiyasına təkan verir. Amma dünyaya qovuşmaq Azərbaycan xalqının özünəməxsusluğuna zərər vurmamalıdır. Ona görə də xalqımızın əldə etdiyi nailiyyətlər varislik, yaradıcı təkamül prinsipinə uyğun olaraq inkişaf etdirilərək gələcək nəsillərə ötürülməlidir. Bu baxımdan milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunması və yeni dövrə uyğun olaraq inkişaf etdirilməsi, xarici siyasətimizdə müsəlman ölkələri və türk dünyası ilə münasibətlərimizin özəlliyi və digər bu kimi istiqamətlər diqqəti cəlb edir. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoydu.
Heydər Əliyev özünün gərgin əməyi, uğurlu daxili və xarici siyasət strategiyası ilə ölkəmizin iqtisadi inkişafının, daxili siyasi sabitliyin və əmin-amanlığın, milli-mənəvi dəyərlərə qayıdışın, bu dəyərlərin qorunması və təbliğ edilməsinin rəhninə çevrildi. İslam dünyasının bir parçası olan Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, bununla yanaşı, biz milli-mənəvi dəyərlərimizi və xalqımıza məxsus xüsusiyyətlərimizi də qoruyub saxlayırıq. Ümummilli lider Heydər Əliyev bununla bağlı fikirlərini hər zaman açıq şəkildə ifadə edirdi: “Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda, Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük”. Milli-mənəvi dəyərlər xalqımızın özünəməxsus xüsusiyyətidir. Məhz bu amilə əsaslanaraq ümummilli lider hər zaman öz çıxışlarında vurğulayırdı: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapmışdır. Ancaq bununla belə, Azərbaycanın təfəkkürlü insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıbdır. Biz bunların hamısı ilə fəxr etməliyik”.
Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Ümummilli liderin yaratdığı dövlətçilik prinsiplərinin aparıcı xətti azərbaycançılıq ideologiyasıdır. Eyni zamanda, multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın lider dövlətinə çevirən, ən əsası, dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsinə, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.
Gülmirə Səfərova,
YAP Neftçala rayon təşkilatının fəal üzvü