Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycanın Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günlük müharibə dövründə Azərbaycan uğurlu əməliyyat keçirərək 30 ilə yaxın müddət ərzində işğal altında qalmış torpaqlarını erməni təcavüzkarlarından azad etdi.Doğma torpaqlarımızın 30 il ərzində düşmən əsarətində qalması illər idi ki, qəlbimizdə dərin izlər yaratmışdı. Dövlət başçımızın hər dəfə mötəbər tədbirlərdə, eləcə də şəhid ailələri və qazilərlə görüşləri zamanı etdiyi çıxışlarında qətiyyətlə qəhrəman oğullarımızın qanının yerdə qalmayacağını, torpaqlarımızın işğaldan azad ediləcəyini vurğulaması inam hissimizi də gücləndirirdi. Bütün bunların məntiqi nəticəsi olaraq öz liderinin ətrafında sıx birləşən xalqımız bu həsrətə Vətən müharibəsində son qoydu. Bu əlamətdar gün xalqımızın çoxdan gözlədiyi Zəfər yolunun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Ordumuzun qüdrətini, döyüş ruhunu, eləcə də xalqımızın sarsılmaz birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.O çətin günlərdə ölkə vətəndaşları bütün görülən tədbirləri ürəkdən dəstəkləyir, “Hər şey cəbhə üçün” şüarı ilə birlik, həmrəylik nümayiş etdirirdi. Şanlı Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən çox böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanırdı. Təkcə ölkəmizdə deyil, xaricdə yaşayan azərbaycanlılar, eləcə də qardaş Türkiyə vətəndaşları da qazanılan bu qürurverici nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərirdilər. Müharibənin ilk günlərindən başlayaraq şəhərimizin küçələrində, yaşayış binalarının eyvanlarında, müxtəlif ticarət və digər obyektlərin fasadlarında üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Torpaqlarımızın azadlığı uğrunda aparılan savaşda hər bir vətəndaşımız ordumuza dəstək olmağa tələsir, insanlar cəbhəyə kömək üçün bütün qüvvələrini səfərbər edirdilər. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi.Müharibənin kulminasiya zirvəsi noyabrın 8-də Qarabağın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi oldu. Bu, artıq qələbənin yaxınlaşması demək idi. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya aktını imzaladı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qüdrəti sayəsində əldə etdiyimiz Zəfərlə ölkəmizin tarixinin yeni dövrü açıldı, bölgədəki reallıqlar dəyişdi və beynəlxalq ədalət bərqərar oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.Vətən müharibəsində igid övladlarımızın qanı-canı bahasına qazanılan müharibədə şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Qəhrəmancasına şəhadətə ucalan igidlərimiz indi təkcə ailəsinin deyil, bütün xalqımızın qürur mənbəyidir.

Elşən Ağalarov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir