2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar dünya hərb dairələrinin diqqətini cəlb etdi və heyrətini doğurdu. Dünyanın güc mərkəzləri ordumuzun Qarabağda nümayiş etdirdiyi döyüş taktikası və istifadə etdiyi yüksək dəqiqlikli hərbi texnika, ən başlıcası isə Azərbaycan əsgərinin mətinliyi və cəsurluğunu hətta ölkəmizi gözü götürməyən hərbi mütəxəssislər, ekspertlər belə etiraf etməli oldular.
44 gün ərzində ərazilərin azad olunmasında düşmən tərəf dəfələrlə məkrli planlara əl atdı, belə ki, Gəncə və Bərdəyə atılan raketlər onlarla dinc sakinin həyatına son qoydu. Lakin ordumuz bunun qisasını döyüş meydanında aldı. Yalnız irəli getdi. Düşmənin öz silah sursatlarını qoyaraq qaçması da onu göstərdi ki, Azərbaycan Ordusu yenilməzdir. Ordu korpusları ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Bundan başqa cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində böyük xidmətlər göstərib. Əlbəttə ki, qalib olmaq üçün bacarıqlı hərbçi olmaq, döyüş taktikalarını, düşmənin nələr düşündüyünü təhlil etmək lazım idi. Peşəkarlıq da elə budur. Düşmənin gözlədiyi yoldan deyil, daha çətin və doğru yolla irəliləmək və sonda qalib olmaq. Azərbaycan Ordusu heç bir çətinllikdən qorxmadı. Sonu ölüm, şəhidlik olsa belə torpaqlarımızı azad etmək, Azərbaycana əsrin qələbəsini qazandırmaq kimi missiyanı cəsarətlə yerinə yetirdi. Bu yolda 3000-ə yaxın vətən övladı şəhidlik zirvəsinə yüksəldi. Allah onlara rəhmət eləsin. Yaralanan qazilərimizə də şəfalar diləyirik. Böyük qələbəni yurdumuza qazandıran hər bir əsgər öz qəhrəmanlığını göstərməklə gənc nəsil üçün bir örnək yolu keçib. Onların qəhrəmanlıq yolu uşaqlar, gənclər üçün mübarizlik məktəbidir. Qalib Azərbaycanın vətənpərvər övladları dünyaya göstərdilər ki, ədalətin bərpa edilməsi yolunda hər cür fədakarlığa hazırdırlar.
Ordumuz dövlət başçısının həyata keçirdiyi genişmiqyaslı islahatlar sayəsində Cənubi Qafqazın ən qüdrətli silahlı qüvvələrinə çevrilmişdir. Bu gün əminliklə deyə bilərik ki, regionun ən qüdrətli ordusu – Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü tam bərpa etmiş, torpaqlarımızı düşmən işğalından azad etmişdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrlərini dərhal və uğurla yerinə yetirən Şanlı Ordumuz Qarabağdan zəfər müjdəsini vermişdir. Ali Baş Komandanın qətiyyətli mövqeyi və uzaqgörən siyasəti nəticəsində Qarabağımızda üçrəngli bayrağımızı dalğalandıran Rəşadətli Ordumuza eşq olsun!
Ağaş Paşayev
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilat sədri