Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji” sərgisini və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu özündə birləşdirir. Bu il 27-ci dəfə keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi ilk dəfə 1994-cü il may ayının 24-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. İlk sərgiyə 20 ölkəni təmsil edən 180 şirkət qatılmışdı. Heydər Əliyevdən sonra sərgi hər il təxminən eyni vaxtda keçirilən ənənəvi tədbirə çevrilib. İlk dəfə reallaşanda sərgi “Xəzər Neft və Qaz” deyil, “Xəzər dənizində neft-qaz hasilatına dair sərgi” adlanırdı. İndi sərgi əhatə etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Üstəlik, hər il sərgi ilə yanaşı, eyni adlı konfrans da keçirilir. Sərgi və konfrans Azərbaycan dövlətindən, burada fəaliyyət göstərən qurumlardan və beynəlxalq şirkətlərdən daim dəstək alır. 1994-cü ildə təşkil edilən ilk sərginin Azərbaycanın neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur. Çünki Azərbaycan gənc müstəqil dövlət idi və dünya siyasi arenasında hələ özünü tam olaraq tanıda bilməmişdi. Düzdür, Azərbaycanın zəngin neft-qaz yataqları haqqında çoxlarının məlumatı var idi, lakin geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Bunun sayəsində Azərbaycana çox böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyildir ki, sərgidən bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalanmışdı. Buna görə də ilk “Xəzər Neft və Qaz” sərgisini həm də “Əsrin müqaviləsi”nin müjdəçisi adlandırmaq olar. Zəngin enerji ehtiyatlarına və əlverişli tranzit imkanlarına malik olan ölkəmiz regional əməkdaşlıq məsələlərində həmişə konstruktiv rol oynayaraq Avropa və Asiya məkanında etibarlı tərəfdaşa çevrilib. Enerji sektorunda aparılan şaxələndirmə siyasəti, mövcud boru kəmərləri şəbəkəsi dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Nəzərə alsaq ki, bu gün Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Bu Avropanın həm neftə, həm də təbii qaza olan tələbatının artması deməkdir. Rəsmi Bakı indiki məqamda Qərbin neft və qaza olan tələbatını tam ödəyə bilməsə də bu istiqamətdə ən etibarlı tərəfdaşıdır. Hazırda ölkəmiz Avropaya illik 10-11 milyard kubmetr qaz nəql edə bilir. Bu miqdarın gələcəkdə 20 milyard kubmetrə qədər artırılması planlaşdırılır. Azərbaycanın böyük neft-qaz ehtiyatları olsa da, ənənəvi enerji ehtiyatlarının tükənməz olmadığı sirr deyil. Karbohidrogen ehtiyatlarının sonsuz olmadığı və müəyyən dövrdən sonra tükənəcəyi, eləcə də ekologiyaya ziyan vurması istiqaməti alternativ enerji mənbələrinə çevirmək zərurəti yaradır. Hazırda bütün dünyada məhz bu tendensiya müşahidə olunmaqdadır. Bir çoxları alternativ enerjinin heç vaxt ənənəvi enerji mənbələrini əvəz edə bilməyəcəyi tezisini müdafiə etsə də, inkar etmək olmaz ki, alternativin olması hər zaman lazımdır və bu üstünlüyü təmin etmək üçün əvvəldən hazırlaşmaq lazımdır. Xüsusilə də sözügedən perspektivli sahənin inkişafı üçün hər cür şərait və imkanlar olduğu halda. Sevindirici haldır ki, bu şərait və imkanlar Azərbaycanda mövcuddur və ölkəmizdə bu istiqamətin inkişafı üçün böyük səylər göstərilir. Ağıllı kənd və yaşıl enerji siyasəti də bərpa prosesin innovativ qanadını təşkil edir. Hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə innovativ yeniliklərdən istifadənin artırılması ilə ərazinin yaşıl enerji regionuna çevrilməsi, gələcəkdə investorların bura cəlbini sürətləndirə bilər. Hazırda Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpaolunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb. Bu, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır.

Elşən Ağalarov;
Neftçala rayon sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.