Heydər Əliyevin 40-cı illərdəki fəaliyyəti daha çox müşahidə və öyrənmə ilə xarakterizə olunur. Bu müdrik şəxsiyyətin istedadı və qabiliyyəti, məsuliyyəti, tapşırılmış işə yaradıcı münasibəti rəhbərliyin diqqətini özünə çəkirdi. Təsadüfi deyil ki, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik nazirinin 10 may 1949-cu il tarixli 66 saylı əmri ilə Naxçıvan MSSR DövlətTəhlükəsizlik Nazirliyinin 5-ci bölməsinin rəisi, baş leytenant Əliyev Heydər Əlirza oğlu vəzifəsi saxlanılmaqla bir il müddətinə təhsil almaq üçün SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Leninqraddakı xüsusi məktəbinə ezam edilir.
6 iyul 1950-ci ildə Leninqraddakı xüsusi məktəbdə təhsilini əla qiymətlərlə başa vuran Heydər Əliyevə verilmiş xidməti xasiyyətnamədə göstərilirdi ki, o, intizamlı, mənəvi cəhətdən saf, ciddi, yoldaşları ilə münasibətdə ünsiyyətcil, müdavimlər arasında böyük nüfuzu olan bir zabitdir. Əməliyyat məsələlərinin həllində əsas mahiyyəti bacarıqla üzə çıxardır, əməliyyat şəraitində sərbəst və düzgün hərəkət edir, əməliyyat sənədlərini dolğun və əsaslandırılmış şəkildə tərtib edir… Xidməti vəzifədə irəli çəkilməyə layiqdir. O, bu xasiyyətnamə ilə Naxçıvan şəhərinə qayıtdı və 5-ci bölmənin rəisi kimi öz fəaliyyətini davam etdirdi. Ancaq həm yerli, həm də mərkəzi orqanlara rəhbərlik edən şəxslər onun bilik və bacarığının daha geniş dairədə istifadəsi qərarına gəlmişdilər. Bu gənc əməkdaşın başqalarından ciddi surətdə fərqlənməsi, özünü açıq-aydın biruzə verən üstün imkanlara malik olması, məhdud çərçivələrə sığmaması onun gələcək karyerasının müəyyənləşməsində mühüm rol oynadı.
25 avqust 1950-ci ildə Dövlət Təhlükəsizlik naziri S.F.Yemelyanovun 443 saylı əmri ilə Heydər Əliyev Naxçıvandakı 5-ci bölmənin rəisi vəzifəsindən azad edildi və Bakıda 2-ci şöbənin 6-cı bölməsinin rəisi vəzifəsinə təyin olundu.
Beləliklə, Heydər Əliyev Naxçıvandan Bakıya, əyalətdən paytaxta gəldi. Bakı mühiti və mərkəzi aparat Heydər Əliyevin dünyagörüşünün, eləcə də xüsusi xidmət orqanlarının gələcək rəhbər əməkdaşı kimi formalaşmasında, əməliyyat işini daha dərindən mənimsəməsində mühüm rol oynadı. Heydər Əliyev əməliyyat işləri ilə yanaşı, o zaman Bakıda fəaliyyət göstərən Dövlət Təhlükəsizlik Nazirliyinin diyarlararsı məktəbində də mühazirələr oxuyur və əldə etdiyi elmi-nəzəri bilikləri və təcrübəni təhlükəsizlik orqanları əməkdaşlarından əsirgəmirdi.
Fərid Əhmədov,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədr müavini