Loading

İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin bu il 78-ci ili tamam oldu. Böyük qanlar və itkilər hesabına qazanılan bu qələbə təbii ki, adi qələbə deyildi. Bu, dünyanın yüzlərlə xalqının, Yer kürəsinin milyonlarla insanının eyni arzularını və məqsədini birləşdirib onu bəşəri həmrəyliyə çevirən bir amal idi. Bu qələbə irqindən, dinindən, rəngindən, asılı olmayaraq neçə-neçə millət övladının babalarının bugünkü nəvələrə, gələcək nəsillərə yadigar qoyduğu əsl səadət qələbəsi idi. Müstəqilliyimizin ilkin vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat qaragüruhu Azərbaycan xalqının Böyük Vətən müharibəsində yazdığı bu qəhrəmanlıq salnaməsini silməyə, üzərinə kölgə salmağa cəhd göstərmişdi. Müharibə veteranlarını gözdən salan həmin qaragüruhçu dairələr, onların ölkənin ictimai həyatında iştirakına əngəllər yaradır, Qələbə gününə və veteranların sinəsini bəzəyən medallara ironiya ilə baxırdılar. Baxmayaraq ki, o illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü daha geniş miqyas alırdı və qanlı döyüşlərdə müharibə veteranlarının döyüş təcrübəsindən və xüsusən mənəvi yardımından istifadə etmək mümkün idi. Hakimiyyətin öz vətəndaşlarına belə etinasızlığı ahıl yaşlarında olan veteranların mənəvi sarsıntısına gətirib çıxarmışdı. Müharibənin çətin sınaqlarına mərdliklə sinə gərən, od-alovdan çıxan fədakar insanlar dövlətin nəinki diqqət və qayğısından məhrum olmuş, hətta əsassız qınaqlarla, ittihamlarla üzləşmişdilər. 9 mayın Azərbaycan xalqının bayramı olmaması ilə bağlı aparılan riyakar təbliğat, Böyük qəhrəmanlığın üstündən vicdansızcasına xətt çəkmək niyyəti bütün cəmiyyətdə narazılıqla qarşılanırdı.

1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, 9 May Qələbə Gününə və Böyük Vətən müharibəsi veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi ögey münasibəti də birdəfəlik aradan qaldırdı. Ulu Öndər faşizm üzərindəki Qələbənin və müharibə veteranlarının gözdən salınmasına yönəlik siyasətin cinayət olduğunu bildirərək deyirdi: “Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə, xüsusən 1991-ci, 1992-ci, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar. Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik. Sonra mən araşdırmağa başladım ki, bəs bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də oradan-buradan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni, belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı, bundan da böyük cinayət ola bilməz”.

Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra, 1994-cü ildən başlayaraq 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaramaq enerjisini daha da gücləndirdi. Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması nəticəsində müharibə veteranlarına mənzillərin, avtomobillərin verilməsi sosial siyasətin əsas istiqamətlərindən birinə çevrildi. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı. 1942-ci ildə Hitlerin direktivində deyilirdi ki, cənub cəbhəsindəki əməliyyatların əsas hədəfi Qafqaz sıra dağlarını adlayıb səxavətlə sovet ordusunu neftlə qidalandıran Bakını ələ keçirməkdir. Bununla da onlar sovet ordusunu, necə deyərlər, “oksigensiz qoymaq”, iflasa uğratmaq ümidində idilər. Lakin qeyd edildiyi kimi, Bakıya hücum planlarının iflasa uğraması ilə almanlar davamlı hücum imkanlarını da tükəndirmiş oldular. Azərbaycan neftçilərinin əməyi dövrün tanınmış siyasətçiləri, hərbçiləri tərəfindən də yüksək qiymətləndirilirdi. Sovet İttifaqı Marşalı F.İ.Tolbuxin yazırdı: “Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Stalinqrad ətrafında, Donda, Donbasda, Dneprin, Dnestrin sahillərində, Belqradda, Budapeştdə, Vyanada Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhənin döyüşçüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar”.

Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə Günündə Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir.

 

Oqtay Kərimov,

YAP Neftçala rayon təşkilatının veteran üzvü

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir