5 yanvar 1994-cü il tarixində tarxi Horadiz əməliyyatı zamanı o zaman işğal altında olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşməndən azad edilmişdir. 2016-cı il Aprel döyüşləri zamanı isə Azərbaycan Ordusunun əks-hücumu nəticəsində yenə də Cəbrayıl rayonu ərazisində yerləşən və ciddi əhəmiyyətə malik Lələtəpə yüksəkliyi işğaldan azad edilmişdir. Vətən Müharibəsinə qədər əldə etdiyimiz bu uğurların nəticəsində Cocuq Mərcanlı kəndinə vətəndaşlarımızı yenidən qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayitmasi artıq münkün olmuşdur və bu uzun fasilədən sonra Azərbaycanın düşmən üzərində ilk böyük qələbəsi idi. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. Cənab Prezident İlham Əliyev bildirmişdir ki, bizim “Böyük Qayıdış” ımız Cəbrayıldan başlamışdır və ikinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bəli, bu ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki Vətən Müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Düz iki il əvvəl bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, ordumuzun arxasında durdu və ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Qəhrəmanlıq, fədakarlıq göstərərək, Şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımı dərsi verdik. Cəbrayıl tariximizin yaddaş mərkəzlərindən biridir. Cocuq Mərcanlının azad edilməsi onu göstərirdi ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq. Elə də oldu, dünya Azərbaycanın qüdrətini gördü. Bu gün artıq əminliklə deyə bilirik ki, Azərbaycan xalqı əbədi olaraq Qalib Xalq kimi yaşayacaq!
Aynur Ağayeva;
Neftçala rayon sakini, mədəniyyət işçisi