Loading

Qurban bayramı münasibətilə Mirmövsüm ağanın ziyarətgahında keçirilən görüşdə nitqindən (8 aprel 1998-ci il)

Başqa xalqlara, mədəniyyətlərə hörmət Ümummilli Lider Heydər Əliyevin milli ideologiya kimi vahid sistem halına gətirdiyi azərbaycançılığın ana xəttini təşkil edir. Ulu Öndər xüsusilə müsəlman ölkələri arasında birlik və əməkdaşlığın gücləndirilməsini zəruri hesab edirdi. Çünki Azərbaycanın çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti Yaxın və Orta Şərq ölkələrində, o cümlədən müsəlman dünyasında gedən proseslərlə sıx bağlıdır. Buna görə də mədəniyyətinin kökündə ümum-şərq faktoru xüsusi yer tutan Azərbaycanın İslam aləminə olan marağı, eləcə də müsəlman ölkələrinin Azərbaycana olan diqqəti təbiidir. Çıxışlarının birində Heydər Əliyev demişdir: “İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir… Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.
Məlumdur ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdiyi ilk dövrdə ölkədə dövlət-din münasibətlərində ciddi ziddiyyətlər vardı. Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sahədəki uçurumu aradan qaldırmaq mümkün oldu.
Ulu Öndər məscidlərə gedir, dini münasibətlərlə keçirilən mərasimlərdə iştirak edirdi. Eyni zamanda onun Prezident kimi fəaliyyət göstərdiyi dövrdə multikultural və tolerant dəyərlərə yüksək qiymət verilir, bütün dinlərin, konfessiyaların nümayəndələrinə öz dini adət-ənənələrini sərbəst olaraq yerinə yetirmək üçün imkan yaradılırdı. Ulu Öndər daim qeyd edirdi ki, İslam aləminin, müsəlman dövlətlərinin birliyə böyük ehtiyacı var. Bu fikir indi də olduqca aktualdır. Çünki hazırda İslam dünyasında, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranlar yaşanır. Bir sıra müsəlman dövlətlərində müharibələr, terror aktları, digər hərbi toqquşmalar baş verir. Bunun nəticəsində onların bir qisminin iqtisadiyyatı zəifləyib. Qərb ölkələrində isə bu vəziyyətdən istifadə edərək məqsəd-yönlü şəkildə İslamı terrorla əlaqələndirməyə cəhd göstərirlər. Belə bir şəraitdə Azərbaycan yenə də İslam sivilizasiyasının və mədəniyyətinin qorunmasına öz töhfəsini verir.

Görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə milli və mənəvi dəyərlərimizin qorunmasına, gələcək nəsillərə ötürülməsinə ciddi önəm verir, bu dəyərlərə ehtiramla yanaşmağı hər bir azərbaycanlının vətəndaşlıq borcu hesab edirdi. Güclü qadağaların mövcud olduğu sovet dönəmində belə, Ulu Öndər bu istiqamətdə ölçüyəgəlməz işlər görüb. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli liderimizin xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi-memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi dahi rəhbərin İslami dəyərlərə ehtiramını göstərən parlaq misallardır. Artıq multikultural bir ölkə kimi tanınan Azərbaycanda hər bir dindara dini ayinləri icra etməyə hərtərəfli şərait yaradılıb. Onların müqəddəs dini ocaqları ziyarət etmələri diqqət mərkəzində saxlanılır, bu işin dövlət səviyyəsində təşkilinə ciddi önəm verilir.

Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə böyük qiymət verən Ulu Öndər Heydər Əliyev kimi, Prezident İlham Əliyev də azərbaycançılıq məfkurəsinin təməlində milli birlik, dünyəviçilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik görür. Möhtərəm Prezidentin İslam həmrəyliyi istiqamətində apardığı böyük işlər bu gün dünya səviyyəsində nümunə kimi dəyərləndirilir. Bu baxımdan çox önəmli beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi müstəqil ölkəmizin müsəlman dünyasındakı nüfuzundan xəbər verir. Beləliklə də, ölkəmiz İslam dünyasına qarşı aparılan çirkin kampaniyaya bütün müsəlman ölkələri ilə sıx birlik və həmrəyliyini nümayiş etdirməklə cavab verir.

 

Cahangir Abdullayev,

YAP Neftçala rayon təşkilatının veteran üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir