Loading

Zəfərlə başa çatmış Vətən müharibəsi Cənubi Qafqaz regi­onunda yeni reallıqlar yaratmaqla yanaşı, Azərbaycanın bölgədə və dünyada mövqelərini daha da möhkəmləndirib. Ölkəmizin dostları da, bədxahları da etiraf edirlər ki, Azərbaycan indi beynəlxalq münasibətlərdə hər cəhətdən daha böyük rəğbət qazanan dövlətdir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya, sülhpərvər xarici siyasət xətti Azərbaycanın nüfuzunu ar­tırıb. Avropa İttifaqının vasitəçiliyi ilə start götürən “Brüssel prosesi”nin tezisləri də Azərbaycanın regionda təhlükəsizliyin və rifahın təmin edilməsini diktə edən təşəbbüsləri əsasında formalaşıb. Baş­lıca hədəf məlum üçtərəfli bəyanatlarda nəzərdə tutulmuş konkret məsələlərin reallaşması, münasibətlərin geniş aspektdə normallaşması və sülhün tezliklə əldə olunmasıdır. Avropa da görür ki, Azərbaycanın bununla bağlı tələb və təklifləri konstruktivdir. Aİ-nin Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyasına, iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasına, nəqliyyat-kommunikasiya xətlərinin açıl­masına verdiyi dəstək, bu məsələləri daim diqqətdə saxlaması da bunu təsdiq edir.Azərbaycanın münasibətlərin nor­mallaşdırılması ilə bağlı təşəbbüsləri beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Faktiki olaraq rəsmi Bakı Qafqazda beynəlxalq münasibətlərin yeni modelini orta­ya qoyur. Prezident İlham Əliyevin siyasi çevikliyi, dönməz iradəsi regi­onda mənafeləri toqquşan və alovu körükləməkdə maraqlı olan tərəfləri zərərsizləşdirir. Daim Azərbaycanın yanında olan Türkiyənin siyasi-mənəvi dəstəyi bizim sülh naminə səylərimizin real nəticələr verəcəyinə inamı daha da artırır. Rize-Artvin Hava Limanının açılış mərasimində cənab İlham Əliyev fəxrlə bildirib ki, İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. “Otu­zillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın ya­nındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu”. Bu gün Qafqazın üzərində ay­dın səmanın bərqərar olması üzrə səylərimizdə Türkiyənin və digər dost ölkələrin bizə göstərdikləri dəstək olduqca zəruridir. Dövlətimizin başçısı Qarabağ münaqişəsinin artıq qapanmış səhifə olduğunu, münasibətlərin nor­mallaşmasına xidmət edən fəaliyyətin vacibliyini dəfələrlə öz çıxışlarında, bəyanatlarında ifadə edib. Bu mesaj­ların başlıca motivi ondan ibarətdir ki, Azərbaycan sülhyaratma prinsipinə sadiqdir və beynəlxalq güclər eyni davranış sərgiləməyi Ermənistana da təlqin etməlidirlər ki, sözlə konkret əməl vəhdətinə nail olunsun. Bu məsələnin dünyanın diqqətində olduğunu göstərən amillər yetərincədir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel mətbuata açıqlama verərək Ermənistan və Azərbaycan arasında razılaşmanın olacağı təqdirdə Avropa İttifaqının buna dəstək verəcəyini vurğulayıb. “Razı­laşma əldə edilsə, həqiqətən məmnun olarıq. Əgər, bu, baş verərsə, Aİ sazişin həyata keçirilməsinə dəstək üçün hər şeyi edəcək”. Cənab İlham Əliyev bildirib ki, Avropa İttifaqının üzvləri əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Hazırda Avropa İttifaqı ilə yeni sazişlə bağlı aparılan danışıqların son mərhələsindəyik. Qafqazda sülhyaratma prosesləri nə qədər tez uğur qazansa, bu, regionun bütün dövlətləri üçün bir o qədər faydalı olar. Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazırdı. Münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyir. Azərbaycan və Ermənistan rəhbərləri sülh sazişi üzərində işləməyə razılaşıblar. On­dan bir qədər əvvəl isə Azərbaycan münasibətlərin normallaşdırılması üçün beş prinsip irəli sürüb və Ermənistan onlara cavab verərək bəzi şərtlərini bildirib. Lakin o zamandan bəri verilən bəyanatların tonu pozitiv olsa da, konk­ret irəliləyişin əlamətləri hələ ki, nəzərə çarpmayıb. Bu kimi davranışlar Ermənistanın arada yaranan etimadı pozması anlamına gəlir. Cənab İlham Əliyev bu barədə fikirlərini açıq ifadə edir: “Görüşə ha­zır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur”. Bölgədə sülhə nail olunma­sı üçün bütün tərəflərin istəyi lazım­dır. Azərbaycan Vətən müharibəsini şanlı Zəfərlə başa vurduqdan sonra regionda sülh yaradılmasına çalışır. Ermənistan isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əks olun­muş və sonrakı bəyanatlarla bir daha möhkəmləndirilmiş öhdəliklərini yerinə yetirmir. Kommunikasiyaların açılması­nı, sərhədlərin delimitasiyasını yubadır, birinci Qarabağ müharibəsində əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar haqda məlumat verməkdən, vaxtilə işğal altında saxladığı ərazilərin minalanması ilə bağlı xəritələri təqdim etməkdən imtina edir, UNESCO-nun Ermənistandakı Azərbaycan tarixi irsinin monitorinqini sabotaj edir, Zəngəzur dəhlizinin açıl­masını uzadır. Rəsmi Bakı erməni revanşizmini diplomatik meydanda tam küncə sıxışdıraraq İrəvanın 30 illik işğalçı siyasətini format edir və Ermənistanın hər şeyi sıfırdan başlamalı olduğunu ortaya qoyur. Prezident İlham Əliyevin bəyanatından da göründüyü kimi, Azərbaycan qalib tərəf olaraq Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazırdır. “Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, amma hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik”-deyə Azərbaycanın dövlət başçısı bildirib. Ermənistan yeni reallı­ğa uyğun davranmağa məhkumdur. İrəvanın üzərinə götürdüyü öhdəliklər üçtərəfli bəyanatlarda, Moskva, Soçi və Brüssel razılaşmalarında aydın əks et­dirilib. Ermənistanın bütün bunları qəbul etməkdən başqa yolu yoxdur. Sadəcə olaraq, Paşinyan hökuməti qətiyyətsiz və qorxaq olduğuna görə, manipulyasi­yalar etməklə hakimiyyətə yiyələnməyə can atan və heç bir proqramları olmayan koçaryanları, sarkisyanları zərərsizləşdirmək, həmçinin Brüsse­lin vasitəşilik səylərindən qıcıqlanan kimsələrin qəzəbindən mümkün qədər yayınmaq istəyir. Qarşı tərəf birdəfəlik dərk etməlidir ki, artıq Qarabağ problemi başa çatıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, regiona yeni reallıqlar hakimdir. İstər-istəməz qalib və haqlı Azərbaycanın diktə etdiyi şərtləri qəbul etməlidir.

 

Cavad Mirzəyev,

 

YAP Neftçala rayon təşkilatının məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir