Loading

“Ermənistan təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı olan nifrəti bax, bu çirkin siyasətdə də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq.” Dövlətimizin başçısı İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində yerli televiziyalara müsahibəsində səsləndirdiyi bu bəyanatların davamı olaraq BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformada çıxışında “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir” bəyan etməsi Ermənistana və ona dəstək olan dövlətlərə ciddi mesaj olmalıdır.

Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki,  zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən  dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən  «həqiqətə həqiqət gözü ilə baxaq» çağırışı erməniləri və onların havadarlarını narahat etsə də unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər. Beynəlxalq hüququn əsas prinsiplərindən biri  Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit olunmuş  hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığıdır. Ölkə Prezidenti BMT-nin yubiley tədbirində   hazırda dünyanın  hüquq problemini yaşandığını bu fikirləri ilə diqqətə çatdırdı: “Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.”

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə  Dağlıq Qarabağın  Azərbaycana mənsub olması birmənalı şəkildə təsbit  edilib. Bu qətnamələrdə əksini tapan  tələblərdən biri bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Azərbaycanın zəbt olunmuş bütün rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasıdır.  Azərbaycan dövlətinin dəyişməz mövqeyini ən yüksək tribunalardan bəyan edən dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. O da məlumdur ki, Ermənistanın yeni rəhbərliyi ilk gündən danışıqların formatında  dəyişiklik edilməsinə, tərəf kimi  qondarma rejimin də danışıqlar prosesinə qatılmasına cəhdlər etsə də  Azərbaycan dövlətinin sərt münasibəti, eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı bunun mümkünsüzlüyünü bir daha işğalçı dövlətə açıqladı.  Dövlətimizin başçısı bildirir ki, danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir. Bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür. Bu səbəbdən,  danışıqlar formatı dəyişdirilə bilməz və  danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə yox.

Rövşən Həsənov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir