Bu gün cəmiyyətimizin bütün sahələrində aparıcı qüvvə olan gənclər ölkəmizin həyatında çox önəmli rol oynayırlar. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir.Qürurla deyə bilərik ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və müasirləşdirdiyi gənclər siyasəti nəticəsində ötən illər ərzində ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanlar yaradılıb və onlar bu imkanlardan istifadə etməlidirlər. Bu gün Azərbaycan inamla irəliyə baxan bir ölkədir. Ölkəmizin qarşısında dayanan əsas vəzifələr öz həllini tapıb. Azərbaycan gəncləri azad, sabit və özünə güvənən müstəqil ölkədə yaşayır. Gənclərimiz haqlı olaraq bu ölkənin vətəndaşları olmaları ilə fəxr edirlər.Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin ölkədə “Gənclər ili” elan olunması da Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinə verilən qiymətin nəticəsidir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır.
Nazim Dadaşov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini