Loading

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə regionda yeni siyasi reallıqlar formalaşdırmaqla yanaşı, regionda təhlükəsizliyin, davamlı sülhün bərqərar olmasına da zəmin yaradıb. Təbii ki, bu amil sürətli regional inkişaf üçün ən mühüm amillərdən sayılır. Müharibənin bitməsi ilə həm Azərbaycanın, həm də Türkiyənin yeni əməkdaşlıq platformaları ilə bağlı səsləndirdiyi fikirlər, irəli sürülən layihələr bütün region ölkələrinin maraqlarına cavab verir. Bu mənada, sülhün və təhlükəsizliyin bütün dövlətlər tərəfindən dəstəklənməsi ən məntiqli hal sayıla bilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib ki, “Bir tərəfdən hamı məmnun olmalıdır ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb. Deməli, bu o deməkdir ki, regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq. Buna sevinməməyi və bunun geosiyasi səbəblərini başa düşmürük. İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Onlar bunu edə bilərdilər. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. Bəs onlar niyə o sərhəddə hərbi təlim keçirməyiblər?”
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.
Şəhriyar Ələkbərov
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilat sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir