Loading

Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz”(Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər. Dövlətimizin başçısı mərasimdə çıxış edərək imzalanmış Memorandumun enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılmış çox mühüm addım olduğunu qeyd edib.

Çıxışı zamanı cənab Prezident bildirib ki, Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Bir ay əvvəl Bolqarıstan Prezidenti Radev Azərbaycanda rəsmi səfərdə olub. Bu fakt ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir. “Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya qaz təchizatını başlayacaq. Yerli qazpaylayıcı sistemin qurulması məqsədilə müvafiq danışıqlar aparılır. Azərbaycan hökuməti Albaniya ilə danışıqlar aparır. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, yaxın vaxtlarda enerji sahəsində tərəfdaşımıza çevriləcək. Azərbaycan qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək. “Ən azı” ona görə ki, bu, planların sonu deyil. Ölkəmiz Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır. Neft-kimya məhsulları və elektrik enerjisi də ixracımızın bir hissəsidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bu gün XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir. Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır” deyə dövlət başçısı bildirmişdir.

Ərəstun Əskərov,

YAP Neftçala rayon təşkilatı

ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir