Dünya ölkələri ilə sülh və qarşılıqlı əməkdaşlıq şəraitində yaşamaq Ölkəmizin əsas dövlət siyasətidir. Lakin 44 gün davam edən, haqq mübarizəmizin bəyanı, ədalətin bərpasının, beynəlxalq təşkilatların icra edə bilmədiyi həqiqətin yurdsevər övladlarının mübarizliyi ilə reallaşdıran zəfər yolumuz yeni xainləri üzə çıxardı. Gizlinlərin aşkar olması yolumuzun doğruluğunun, həqiqətin aydınlığının təzahürü oldu bir daha. Nə qədər çox imiş xalqımızın düşməni, azadlığını, inkişafını sevməyəni?.. Sərvətlərimizi talan edənlər, gizlin yollarla mənimsəyənlər bu gün də artan gücümüzün, yüksələn inkişafımızın qarşısını min bir hiylə, fitnə toxumu ilə dayandırmaq, mane olmaq niyyətindədirlər. Lakin Azərbaycan öz Liderinin apardığı doğru yolla uğurla irəliləyir və aydın şəkildə qətiyyətini bəyan edir. Bizi bu yoldan heç kim və heç nə çəkindirə bilməyəcəkdir!. Bu qətiyyət, bu vüqar öz gələcəyini aydın səma altında qurmaq istəyən ölkələrlə çox xoş münasibətlər zəminində həyata keçirilir. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Macarıstana rəsmi səfəri dövlətimizin inkişafında yeni bir addım oldu. Bu səfər hər iki ölkə, Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin nizamlanması istiqamətində çox əhəmiyyətli idi. Yeni sənədlərin imzalanması gələcəkdə də ardıcıl olaraq dostluq münasıbətlərinin davam etdirilməsinə şərait yaratdı. İstər şəhərsalma, minatəmizləmə, təhsil sahəsi olsun, istərsə də enerji təhlükəsizliyi, strateji tərəfdaşlıq sahəsində ölkələrimiz arasında dost münasibətlərin inkişaf etməsi hər birimizi sevindirir. 30 Yanvar 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana səfəri zamanı canlandırılan, yenidən icrasına diqqətin artırılması qeyd edilən layihələrdən bir də NABUKKO layihəsi oldu. Cənab Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, “Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək!”. Azərbaycan iqtisadyyatında önəm daşıyan NABUKKO layihəsi haqqında ilk müzakrələr məlum olduğu kimi, 2002-ci ildən həyata keçirilmiş, ilin sonuna doğru beş şirkət müqavilə imzlamışdır. “NABUKKO beşliyi” nə daxil olan Avstryanın OMW, Türkiyanin BOTAŞ, Macarıstanın MOL, Ruminiyanın TRANSGAZ, Bolqarıstanın BULGARGAZ şirkətləri NABUKKO boru kəmərinin inşası təklifində birləşmişlər. Lakin əsas məqsədi Avropa ölkələrini Xəzər hövzəsi və Yaxın Şərqin təbii qaz ehtiyatları ilə birləşdirmək olan bu layihə sonrakı illərdə artan xəttlə inkişaf etsə də, sonradan bir neçə ölkələrin maliyyə dəstəyinin olmaması layihənin icrasında çətinliklər yaratdı. 2009-cu ildə Ankara müqaviləsinin imzalanması ilə “NABUKKO Konsorsiumu” təsis edildi və Türkiyə, Rumıniya və Macarıstan üzərindən keçməklə, Avstriyaya qədər uzanacaq təbii qaz boru kəmərinin inşasına qərar verilir. Bu zaman NABUKKO Türkiyənin Ərzurum şəhərində “Cənubi Qafqaz” və “Trans –Xəzər” boru kəmərləri ilə birləşməli, Avropanın Rusiyadan qaz asılılığını azaltmaq məqsədilə Azərbaycan və Türkmənistan qazını Avropaya nəql etməli idi. Lakin “Trans-Xəzər” boru kəməri ilə bağlı qeyri-müəyyənlik, kifayət qədər qaz həcminin olmaması, Macarıstanın MOL, Almaniyanın “RWE” şirktlərinin NABUKKO layihəsindən çıxması bu istiqamətdə demək olar ki, əsl çətinlik yaratdı, layihənin davamlılığına əngəl oldu. Cənab Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı Macarıstanın Baş naziri Viktor Orban bildirmişdir ki, “Vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdır. Lakin maliyyə mənbələri müəyyən edilmədiyi üçün icra edilməmişdir”. Bu gün Azərbaycan qazının Bolqarıstana, Rumıniyaya, Macarıstana daha sonra digər Avropa ölkələrinə verilməsi iqtisadi inkişafa təkandır. Biz sərvətlərimizin sahibiyik. Və həyata keçirilən bütün layihələr düşünülmüş şəkildə dövlətimizin inkişafına, xalqımızın rifahına xidmət edəcəkdir. Macarıstan bu istiqamətdə təkcə Azərbaycan qazını istehlak edən ölkə kimi deyil, eyni zamanda Azərbaycan qazını tranzit edən ölkə kimi fəaliyyət göstərəcəkdir. Bütün bu münasibətlər Azərbaycanımızın gələcəkdə də inkişafına zəmin yaradır, hər birimizi vətəndaş olaraq sevindirir.
Bədirə Nifatlıyeva
Neftçala rayon ziyalısı, yazıçı-publisist